Yuxarı

Azərbaycanın neft kəmərləri ilə indiyədək 476 mln. ton neft ixrac edilib

Ötən müddət ərzində BTC ilə 315 mln. ton neft nəql olunub

Bakı.17 oktyabr. REPORT.AZ/ Azərbaycanın ixrac neft kəmərləri sistemi ilə 2016-cı il oktyabrın 1-dək dünya bazarına 475,6 mln. tona yaxın neft ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin AZƏRTAC-dakı məqaləsində qeyd edib.

O bildirib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) ilə 315 mln. ton, Bakı-Supsa kəməri ilə 77 mln. ton, Bakı-Novorossiysk kəməri ilə 41,5 mln. ton və dəmir yolu ilə 20,1 mln. ton neft nəql edilib. 

SOCAR prezidentinin sözlərinə görə, eyni dövrdə BTC vasitəsilə 19,8 mln. ton Türkmənistan, 7,3 mln. tondan çox Qazaxıstan nefti də nəql olunub. 

“Şahdəniz” yatağının kəşf edilməsi və istismara başlaması BTC-nin daha bir əhəmiyyətini üzə çıxarıb, yataqdan çıxarılan qazın nəqli üçün çəkilmiş Cənubi Qafqaz boru kəməri (CQBK) onunla eyni dəhlizdə inşa edilib. BTC-nin inşa təcrübəsindən istifadə olunması CQBK-nin tikintisində bir çox prosedurları aradan qaldırıb, kəmərin qısa müddətdə istismara buraxılması üçün əlverişli imkan yaradıb. 

"Beləliklə, diversifikasiya olunmuş ixrac neft-qaz kəmərləri sisteminin qurulması və inkişaf etdirilməsi “Əsrin Müqaviləsi”nin Azərbaycana qazandırdığı ən böyük nailiyyətlərdən biridir" - SOCAR prezidentinin məqaləsində qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi