Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 23,61 mlrd kubmetr qaz nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 % artım müşahidə olunub.
Hesabat dövrünə qazın nəqlinin 41,7 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 9,85 mlrd kubmetr qaz ötürülüb. Bu, 2019-cu ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 17,6 % çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.