Azərbaycanın Gürcüstana qaz ixracının həcmi açıqlanıb

Energetika
  • 17 aprel, 2024
  • 12:24
Azərbaycanın Gürcüstana qaz ixracının həcmi açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstana 281 milyon 816,33 min kubmetr qaz ixrac edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Gürcüstana tədarük edilən Azərbaycan qazının dəyəri 49 milyon 310,75 min ABŞ dolları təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi kəmiyyət ifadəsində 217 milyon 815,53 min kubmetr (43,6 %), dəyər ifadəsində isə 40 milyon 864,41 min ABŞ dolları (45,3 %) azalıb.

Ümumilikdə, 2024-cü ilin ilk iki ayında Azərbaycan 1 milyard 459 milyon 774,04 min ABŞ dolları (2,9 dəfə çox) dəyərində 3 milyard 953 milyon 658,45 min kubmetr (3,3 dəfə çox) qaz ixrac edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Gürcüstana 346 milyon 624,96 min ABŞ dolları dəyərində 2 milyard 148 milyon 664 min kubmetr təbii qaz ixrac edib. 2022-ci illə müqayisədə azalma kəmiyyət ifadəsində 432 milyon 550,2 min kubmetr (16,8 %), dəyər ifadəsində 4 milyon 106,99 min ABŞ dolları (0,9 %) təşkil edib.

Azərbaycandan Gürcüstana təbii qazın tədarükü Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə həyata keçirilir. CQBK qaz kəməri 2006-cı ilin sonunda istismara verilib və "Şahdəniz" yatağından Azərbaycan, Gürcüstan və Türkiyəyə qaz tədarük edir. CQBK-nın genişləndirilməsi layihəsi çərçivəsində Türkiyəyə kommersiya qazının tədarükü 2018-ci ilin iyununda, Avropaya isə 31 dekabr 2020-ci ildə başlanıb.

CQBK investorları BP (29,99 %), “LukOil” (19,99 %), Cənub Qaz Dehlizi QSC (21,02 %), TPAO (19 %), NICO (10 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti