Azərbaycanın Gürcüstana ötən il satdığı qazın həcmi açıqlanıb
- 15 fevral, 2024
- 13:17
2023-cü ildə Azərbaycan Gürcüstana 2 milyard 148 milyon 664 min kubmetr təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Gürcüstana ixrac edilən Azərbaycan qazının dəyəri 346 milyon 624,96 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci illə müqayisədə həcm baxımından 432 milyon 550,2 min kubmetr (16,8 %), məbləğ baxımından isə 4 milyon 106,99 min ABŞ dolları (0,9 %) azdır.
Ötən il gömrük bəyannamələrinə əsasən, Azərbaycan 26 milyard 623 milyon 473,52 min kubmetr həcmində təbii qaz ixrac edib. İxrac edilən təbii qazın dəyəri 13 milyard 678 milyon 344,14 min ABŞ dolları təşkil edib.
Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2022-ci illə müqayisədə 40,38 % çox, dəyəri isə 8,75 % azdır.
Azərbaycanın ümumi ixracında təbii qazın payı 40,35 % olub.
Qeyd edək ki, ötən il Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, Azərbaycandan Gürcüstana təbii qaz Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə nəql edilir. CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBK-nın genişləndirilməsi layihəsi üzrə isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında, Avropaya 2020-ci ilin dekabr ayında başlanılıb.
CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), TPAO (19 %), NİKO (10 %) çıxış edirlər.