Azərbaycanın əsas tədarük bazarlarından birindən "Aİ-95" benzinin idxalı kəskin azalıb
- 16 iyun, 2022
- 05:47
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 29,121 milyon ABŞ dolları dəyərində 29 min 981 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,6 %, kəmiyyət olaraq – 35,8 % azdır.
Hesabat dövründə Bolqarıstandan 10,365 milyon ABŞ dolları dəyərində 8 min 919 ton, Rusiyadan 8,623 milyon ABŞ dolları dəyərində 9 min 404 ton, Rumıniyadan 5,979 milyon ABŞ dolları dəyərində 6 min 713 ton, Türkmənistandan 4,154 milyon ABŞ dolları dəyərində 4 min 945 ton benzin alınıb.
2021-ci ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 3 dəfə və 4,2 dəfə azalıb, Rumıniyadan – 2,3 dəfə və 71 % artıb. Bir il əvvəl Türkmənistandan idxal həyata keçirilməyib. Bir il 9 aylıq aradan sonra Bolqarıstandan "Aİ-95" benzinin alışı bərpa edilib.
Qeyd edək ki, ötən il Azərbaycana xaricdən (8 ölkə) gətirilən 147 min 412 ton "Aİ-95" benzinin 44,5 %-i Rumıniyanın, 35,2 %-i Rusiyanın payına düşüb.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Aİ-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.
NEZ-də artıq bu ildən "Avro-5" standartlarına uyğun dizel yanacağının istehsalına başlanılacaq. "Avro-5" dizel istehsalı üzrə işlərin 2022-ci ilin ortalarında başa çatdırılması və əsas qurğuların da həmin vaxt işə salınması planlaşdırılır. Növbəti bir il ərzində isə daha keyfiyyətli "Aİ-92" benzinin istehsalı və nəhayət "Avro-5" standartına cavab verən "Aİ-92" və "Aİ-95" benzinlərinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur. Hal-hazırda ölkədə "Aİ-95" markalı avtomobil benzini istehsal olunmur.