Azərbaycanın əsas tədarük bazarlarından "Aİ-95" benzinin idxalı xeyli azalıb

Energetika
  • 01 avqust, 2022
  • 06:44
Azərbaycanın əsas tədarük bazarlarından Aİ-95 benzinin idxalı xeyli azalıb

2022-ci ilin yanvar-may aylarında Azərbaycan 33,537 milyon ABŞ dolları dəyərində 34 min 773 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16,4 %, kəmiyyət olaraq – 40,9 % azdır.

Hesabat dövründə Bolqarıstandan 10,365 milyon ABŞ dolları dəyərində 8 min 919 ton, Rusiyadan 12,512 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 57,1 % azalıb) 13 min 622 ton (-68,3 %), Rumıniyadan 6,505 milyon ABŞ dolları dəyərində (-23,3 %) 7 min 286 ton (-40 %), Türkmənistandan 4,154 milyon ABŞ dolları dəyərində 4 min 945 ton (bir il əvvəl tədarük olmayıb) benzin alınıb. Bir il 9 aylıq aradan sonra Bolqarıstandan "Aİ-95" benzinin alışı bərpa edilib.

Qeyd edək ki, ötən il Azərbaycana xaricdən (8 ölkədən) gətirilən 147 min 412 ton "Aİ-95" benzinin 44,5 %-i Rumıniyanın, 35,2 %-i Rusiyanın payına düşüb.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Aİ-92" benzini, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.

NEZ-də artıq bu ildən "Avro-5" standartlarına uyğun dizel yanacağının istehsalına başlanılacaq. Növbəti bir il ərzində isə daha keyfiyyətli "Aİ-92" benzinin istehsalı və nəhayət "Avro-5" standartına cavab verən "Aİ-92" və "Aİ-95" benzinlərinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur. Hal-hazırda ölkədə "Aİ-95" markalı avtomobil benzini istehsal olunmur.

44 filmi