Yuxarı

Azərbaycanın energetika naziri Britaniya baş nazirinin ticarət üzrə elçisini qəbul edib

Natiq Əliyev: Bu əməkdaşlığı nəinki genişləndirmək, həm də davam etdirmək lazımdır

Bakı. 3 iyun. REPORT.AZ/ Bakıda keçirilən XXIII Beynəlxalq “Xəzər Neft və Qaz-2016” sərgisində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi Baronessa Emma Nikolsonla energetika naziri Natiq Əliyev arasında görüş keçirilib. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

B.Britaniya-Azərbaycan əlaqələrinin uzun tarixə malik olduğunu deyən energetika naziri tərəfdaşlıq münasibətlərini nümunə kimi qiymətləndirib. N.Əliyev iki ölkə arasında münasibətlərin inkişafında, xüsusilə də enerji sahəsində əməkdaşlıqda BP şirkətinin 20 ildən artıq bir müddətdə Azərbaycanda neft və qaz sənayesinin inkişafına verdiyi töhfələrin, Xəzər regionunda nəhəng hasilat və nəqletmə sisteminin yaradılmasında, yeni texnologiyaların regiona gətirilməsində xidmətlərinin mühüm rol oynadığını vurğulayıb.

“Bu əməkdaşlığı nəinki genişləndirmək, həm də davam etdirmək lazımdır”, - deyə energetika naziri qeyd edib. 

E.Nikolson isə ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olmasından məmnunluğunu ifadə edərək, Avropanın enerji təchizatının şaxələndirilməsi istiqamətində həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən danışıb. İki ölkə arasında əməkdaşlığın inkişafı üçün enerji sektoru ilə yanaşı, turizm, maliyyə, bank, kənd təsərrüfatı kimi sahələrdə də geniş imkanların olduğunu diqqətə çatdırıb. O, həmçinin qlobal enerji siyasətində müşahidə edilən dəyişikliklər kontekstində Xəzər regionu ölkələrinin gələcəyə hədəflənmiş prioritetləri ilə də maraqlanıb. 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi