Azərbaycanın energetika naziri Böyük Britaniya səfiri ilə görüşüb

Azərbaycanın energetika naziri Böyük Britaniya səfiri ilə görüşüb Bakı. 10 noyabr. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Kroftsu qəbul edib.
Energetika
10 Noyabr , 2017 17:01
Azərbaycanın energetika naziri Böyük Britaniya səfiri ilə görüşüb

Bakı. 10 noyabr. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Kroftsu qəbul edib.

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan-Böyük Britaniya əlaqələrindən danışan nazir iki ölkə arasındakı münasibətlərdə enerji əməkdaşlığının xüsusi yer tutduğunu qeyd edib. 1994-cü ildən başlayaraq Azərbaycan və Böyük Britaniyanın enerji sahəsində uğurlu əməkdaşlıq modeli yaratdığını deyən P.Şahbazov bildirib ki, Azərbaycanın yeni neft strategiyasına dəstək verən, eləcə də Xəzər regionunun neft və qaz ehtiyatlarına ilk maraq göstərən ölkələr sırasında Böyük Britaniya xüsusi yer tutur.

Görüşdə Azərbaycanın neft-qaz sektorunun inkişafı və enerji təhlükəsizliyindəki rolunun gücləndiriməsində BP ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması ikitərəfli əlaqələrin uzunmüddətli inkişafı üçün yeni imkanlar yaradacaq. Nazir həmçinin Azərbaycanda həyata keçirilən islahatlar, həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlərə diqqət yönəldərək, bu istiqamətdə də əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Səfir K.Krofts da iki ölkənin uğurlu münasibətlərinin təməlində enerji əməkdaşlığının dayandığını deyərək, Azərbaycanı enerji sahəsində Böyük Britaniyanın strateji tərəfdaşı adlandırıb. Səfir bu tərəfdaşlığın BP-nin iştirakı ilə reallaşdırılan layihələrlə davamlı olacağını, əlaqələrin iqtisadi sahədə genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, Böyük Britaniya Azərbaycana ən çox investisiya yatıran ölkələrdən biridir: “Azərbaycanda nəhəng beynəlxalq firmalardan tutmuş, kiçik və orta müəssisələrə kimi, 400-ə yaxın Britaniya şirkəti fəaliyyət göstərir. Gələcəkdə planlaşdırılan səfərlər investisiya mühitinin dəyərləndirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində mühüm rol oynayacaq”.

Görüşdə müasir enerji bazarında aktuallıq kəsb edən məsələlərə dair də geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi