Yuxarı
    Bağlamaq

    Azərbaycanın energetika naziri Almaniyada beynəlxalq forumda iştirak edəcək

    Nazir Natiq Əliyev toplantıda Avropanın enerji infrastrukturunda transformasiya məsələləri ilə bağlı çıxış edəcək

    Bakı. 16 fevral. REPORT.AZ/ Fevralın 19-da Berlin şəhərində Almaniyanın hakimiyyətdə olan Xristian-Demokratlar Birliyi Partiyası İqtisadiyyat Şurasının təşkilatçılığı ilə Ətraf Mühit və Enerji üzrə 14-cü toplantı keçiriləcək.

    "Report" Azərbaycan Energetika Nazirliyinə istinadən xəbər verir ki, “Avropada enerji transformasiyasının yenidən qurulması: Rəqabətli, Təhlükəsiz, İnnovativ” mövzusuna həsr olunan toplantıda Xristian-Demokratlar Birliyi Partiyası İqtisadiyyat Şurasının prezidenti Verner Balsen (Werner M.Bahlsen) və baş katibi Volfqanq Ştaygerin (Wolfgang Steiger) dəvəti, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə energetika naziri Natiq Əliyev də iştirak edəcək.

    Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviçin, qurumun Rəqəmsal İqtisadiyyat və Cəmiyyət üzrə komissarı Günter Ottingerin, Almaniyanın Federal Kansler Aparatının rəhbəri və Xüsusi Tapşırıqlar üzrə naziri Peter Altmayerin, Almaniyanın federal ətraf mühit, təbiətin qorunması, tikinti və nüvə təhlükəsizliyi naziri Barbara Hendriksin və bir neçə ölkənin enerji sahəsində fəaliyyət göstərən yüksək səviyyəli nümayəndələri və aparıcı şirkətlərin təmsilçilərinin də iştirakı nəzərdə tutulur.

    N.Əliyevin toplantıdakı çıxışı Avropanın enerji infrastrukturunda transformasiya məsələləri ilə bağlı olacaq.

    Qeyd edək ki, 1963-cü ildən etibarən Almaniyanın bütün federal ərazilərində fəaliyyət göstərən Xristian-Demokratlar Birliyi Partiyasının İqtisadiyyat Şurası Almaniyada biznes dairələrinin maraqlarını təmsil edir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Almaniyadakı nümayəndəliyi də hazırda 11 minə yaxın üzvü olan İqtisadiyyat Şurasının üzvüdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi