Azərbaycanın Bolqarıstana satdığı qazdan qazancı 2,7 dəfə artıb

Energetika
  • 18 dekabr, 2023
  • 07:17
Azərbaycanın Bolqarıstana satdığı qazdan qazancı 2,7 dəfə artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Bolqarıstana 982 milyon 813,91 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bolqarıstana ixrac edilən Azərbaycan qazının dəyəri 363 milyon 288,85 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin 10 ayı ilə müqayisədə həcm baxımından 616 milyon 124,86 min kubmetr (2,7 dəfə), məbləğ baxımından isə 125 milyon 477,69 min ABŞ dolları (52,8 %) çoxdur.

Bu ilin yanvar-oktyabr ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 22 milyard 916 milyon 030,25 min kubmetr həcmində təbii qaz ixrac edib. İixrac edilən təbii qazın dəyəri 12 milyard 271 milyon 972,13 min ABŞ dolları təşkil edib.

İl ərzində ixrac edilən təbii qazın həcmi 24,68 % artıb, dəyəri isə 16,25 % azalıb. Azərbaycanın ümumi ixracında təbii qazın payı 41,82 % olub.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Bolqarıstana “mavi yanacağın” nəqli TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə həyata keçirilir. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 % artım ilə) təşkil edib.

2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti