Azərbaycanın neft idxal etdiyi ölkələrin adları açıqlanıb
- 22 yanvar, 2025
- 09:28
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 948 milyon 862,4 min ABŞ dolları dəyərində 1 milyon 724 min 21,97 ton neft idxal edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İl ərzində neft idxalı kəmiyyət ifadəsində 3,3 %, dəyər ifadəsində isə 4,5 % artıb.
İdxalın strukturunda tədarükün böyük hissəsi Rusiyanın payına düşüb. Hesabat dövründə bu ölkədən 835 milyon 208,88 min ABŞ dolları (29,3 % çox) dəyərində 1 milyon 527 min 926,11 ton neft (30,7 % çox) idxal edilib.
Hesabat dövründə Azərbaycan neftinin qalan həcmini, yəni 22 milyon 828,7 min ABŞ dolları dəyərində 34 min 593,12 ton nefti Qazaxıstandan, 90 milyon 824,82 min ABŞ dolları dəyərində 161 min 502,74 ton nefti isə Türkmənistandan idxal edib.
Qeyd edək ki, Azərbaycan 2023-cü ildə 1 milyard 77 milyon 237,6 min ABŞ dolları (2022-ci ilin göstəricisi ilə müqayisədə 2,4 dəfə çox) dəyərində 1 milyon 917 min 793,68 ton (2,9 dəfə çox) neft idxal edib.