Azərbaycandan Makedoniyaya qaz ixracı üçün kəmərin inşasının vaxtı açıqlanıb
- 22 dekabr, 2021
- 09:09
Şimali Makedoniya 2022-ci ilin əvvəlində Yunanıstanla transsərhəd təbii qaz interkonnektorunun tikintisinə başlayacaq.
“Report”un Şimali Makedoniya mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu ölkənin iqtisadiyyat naziri Kreşnik Bekteşi bildirib.
Məlumata görə, Şimali Makedoniyanın “National Energy Resources” (NER) dövlət şirkəti layihənin xərclərinin bir hissəsini qarşılamaq üçün Avropa İnvestisiya Bankı (EIB) ilə 28,9 milyon avro (32,6 milyon ABŞ dolları) həcmində kredit üçün müqavilə imzalayacaq.
Şimali Makedoniya hökuməti qaz xəttinin tikintisinə 100 milyon avro dəyərində ümumi investisiyanın təxminən 54 milyon avrosunu verəcək. Şimali Makedoniya və Yunanıstan hökumətləri iyul ayında təbii qaz interkonnektorunun tikintisinə dair saziş imzalayıblar.
Xatırladaq ki, Yunanıstanın qaz operatoru DESFA-nın məlumatına görə, 123 kilometrlik boru kəməri Yunanıstanın Nea Mesimvriyasından Şimali Makedoniyanın Neqotino bölgəsindəki Evzoni/Qevqelija sərhəd-keçid məntəqəsi vasitəsilə uzanacaq və iki ölkənin milli təbii qaz ötürmə sistemlərini birləşdirəcək. Onun ilkin illik gücü 1,5 milyard kubmetr olacaq və iki dəfə artırmaq imkanı var.
İnterkonnektor Şimali Makedoniyaya qaz bazarında qaz təchizatının və likvidliyin təhlükəsizliyini təmin etməyə, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaza çıxışı təmin etməyə kömək edəcək.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Trans-Adriatik Boru Kəmərindən (TAP), Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) və Trans-Anadolu Boru Kəmərindən (TANAP) ibarətdir. Yunanıstanın Türkiyə ilə sərhədində TANAP ilə birləşən TAP İtaliyanın təbii qaz şəbəkəsinə qoşulan İtaliyanın cənub sahillərinə çatmazdan əvvəl Yunanıstanın şimalı, Albaniya və Adriatik dənizi üzərindən uzanır.