Azərbaycandan İrana ötən il svop əməliyyatları üzrə 261 mln. kubmetr qaz verilib

Azərbaycandan İrana ötən il svop əməliyyatları üzrə 261 mln. kubmetr qaz verilib “Azərenerji”yə isə ötən il 4,3 mlrd. kubmetr həcmində qaz verilib
Energetika
9 Fevral , 2017 11:45
Azərbaycandan İrana ötən il svop əməliyyatları üzrə 261 mln. kubmetr qaz verilib

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi 2016-cı ildə 14,309 mlrd. kubmetr həcmində qaz qəbul edib.

“Report” xəbər verir ki, bunu Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “İki sahil” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABƏŞ-dən 6,226 mlrd. kubmetr, əməliyyat şirkətlərindən və digər mənbələrdən 0,329 mlrd. kubmetr, “Azneft” İB-dən 7,456 mlrd. kubmetr və idxal qazı müqaviləsi üzrə 0,298 mlrd. kubmetr qaz həcmi qəbul olunub.

İdarə rəisi qeyd edib ki, qəbul olunan qaz həcmləri “Azəriqaz” İB-yə, “Azərenerji” ASC-yə, “Azneft” İB-yə və Gürcüstana ötürülüb: “Azəriqaz”a 5,847 mlrd. kubmetr, “Azərenerji”yə 4,296 mlrd. kubmetr, Gürcüstana 1,321 mlrd. kubmetr təbii qaz nəql olunub. Texnoloji sərf 0,046 mlrd. kubmetr illik plana qarşı 0,031 mlrd. kubmetr (0,015 mlrd. kubmetr azalma) olub”.

Onun sözlərinə görə, illik qaz itkisi 0,075 mlrd. kubmetr, 0,5% plana qarşı 0,060 mlrd. kubmetr (0,4%, 0,015 mlrd. kubmetr azalma) olub. Naxçıvan Muxtar Respublikasının qaza olan tələbatını təmin etmək məqsədilə Astara Magistral Qaz Kəməri Sahəsinin kompressor stansiyasından yüksək təzyiqlə İrana uzunmüddətli (2025-ci ilədək) mübadilə (swap) müqaviləsi çərçivəsində 2016–cı il ərzində 0,261 mlrd. kubmetr təbii qaz verilib.

O həmçinin əlavə edib ki, ötən il magistral qaz kəmərlərində xeyli yenidənqurma işləri həyata keçirilib. “İdarə 3,4 min km magistral və qol kəmərlərinə, 204 qazpaylayıcı stansiyaya (QPS), 6 kompressor stansiyasına (KS) xidmət göstərir. Astara Kompressor Stansiyasında istismar olunan turbokompressor aqreqatının D336-1T-18 saylı qaz-turbin mühərriki 25171 iş saatından sonra əsaslı təmir olunmaq üçün demontaj edilib və qablaşdırılıb. Onun yerinə əsaslı təmir olunmuş D336-1T-14 saylı qaz-turbin mühərriki montaj olunub, sazlanıb və istismara verilib. Yararsız vəziyyətdə olan 179 ədəd kran və siyirtmələr yenisi ilə əvəz olunub, 31 dəst təzyiq tənzimləyiciləri, 18 dəst qoruyucu klapan və 8 ədəd separator quraşdırılıb. Magistral qaz kəmərlərinin korroziyadan mühafizə olunması üçün yeni 31 ədəd katod mühafizə qurğuları, 1 ədəd drenaj qurğusu və 546 ədəd nəzarət ölçü məntəqələri quraşdırılaraq istismara verilib. Bununla yanaşı, istismarda olan 212 ədəd separatordan ümumilikdə 189 ədədinin istismara yararlılıq dərəcəsinin yoxlanılması məqsədi ilə hidravlik sınaq olunaraq texniki şəhadətləndirilmə işləri aparılıb. İstismarda olan 513 ədəd qoruyucu klapanlardan isə il ərzində 505 ədədi sınaq olunmuş, təftiş və sazlama işləri aparılıb”, - deyə İdarə rəisi müsahibəsində qeyd edib.

Son xəbərlər

Orphus sistemi