Azərbaycandan bu il ixrac olunan elektrik enerjisinin həcmi açıqlanıb

Energetika
  • 17 sentyabr, 2024
  • 13:25
Azərbaycandan bu il ixrac olunan elektrik enerjisinin həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 1 milyard 18 milyon 685,08 min kilovat/saat (kVt/saat) həcmində elektrik enerjisi ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Azərbaycandan ixrac edilən elektrik enerjisinin dəyəri 57 milyon 499,17 min ABŞ dolları təşkil edib.

İxrac edilən elektrik enerjisinin həcmi 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 64 %, dəyəri isə 82 % azdır.

Bu il Azərbaycanın qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 3,13 % olub.

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 837 milyon 545,87 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 30 milyard 995,423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 18 milyard 231 milyon ABŞ dolları ixracın, 12 milyard 763 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 14 % artıb.