Yuxarı

​Azərbaycanda sənaye istehsalı I rübdə 0,6% azalıb

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,1% artıb, neft sektorunda isə 1,3% azalıb

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-mart aylarında 7,0 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% az sənaye məhsulu istehsal edilib. “Report” xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2016-cı ilin birinci rübü ilə bağlı açıqladığı məlumatda qeyd edilir.

Geriləməyə səbəb xam neft hasilatının 1,5%, qaz hasilatının 7,9%, elektrik enerjisi istehsalının 6,7%, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması olub.

Sənaye məhsulunun 63,3%-i mədənçıxarma sektorunda, 28,7%-i emal sektorunda, 7,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda məhsul istehsalı 1,2% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 2,3%, tütün məmulatları 87,5%, toxuculuq sənayesi məhsulları 3,2 dəfə, metallurgiya məhsulları 11,5%, hazır metal məmulatları 80,2%, elektrik avadanlıqları 2,3%, kompyuter, elektron və optik məhsulları 2,4 dəfə, avtomobil, qoşqu və yarımqoşqular 18,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,4 dəfə artıb.

Bundan əlavə, içkilərin istehsalı 9,3%, geyim 14,0%, dəri və dəri məmulatları, ayaqqabılar 78,1%, ağacın emalı və ağacdan məmulatlar 18,7%, kağız və karton istehsalı 17,2%, poliqrafiya məhsulları 4,3%, kimya sənayesi məhsulları 6,4%, rezin və plastik kütlə məmulatları 45,9%, tikinti materialları 32,6%, maşın və avadanlıqlar 27,2%, mebel istehsalı isə 16,9% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,5% azalıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,1% artıb, neft sektorunda isə 1,3% azalıb.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında aprelin 1-nə 336,2 mln. manatlıq hazır məhsul olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi