Orta müddətdə cari hesabın profisitinin ÜDM-də payı 5 %-dək proqnozlaşdırılır
- 05 noyabr, 2021
- 12:24
Neftin bir barelinin qiymətinin 2022-2025-ci illərdə 50 ABŞ dolları proqnozu nəzərə alınmaqla, orta müddətli dövrdə cari hesabın profisitinin ÜDM-də xüsusi çəkisinin orta hesabla 5 %-dək olacağı proqnozlaşdırılır.
"Report"un xəbərinə görə, bu barədə "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində qeyd olunub.
Sənədə əsasən, iqtisadiyyatın şəxaləndirilməsi siyasətinin həyata keçirilməsi nəticəsində qeyri-neft ixracının 2025-ci ildə 2 dəfə artacağı proqnozlaşdırılır. Bunun nəticəsində cari hesabın qeyri-neft kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 2025-ci ildə 2019-cu illə müqayisədə 7 faiz bəndinədək enməsi proqnozlaşdırılıb.
Proqnoza əsasən, cari əməliyyatlar hesabının profisiti 2022-ci ildə 1 milyard 700,6 milyon ABŞ dolları, 2023-cü ildə - 2 milyard 847,9 milyon ABŞ dolları, 2024-cü ildə - 3 milyard 209,7 milyon ABŞ dolları, 2025-ci ildə isə 3 milyard 057,6 milyon ABŞ dolları səviyyəsində olacağı gözlənilir.
Xarici ticarət balansının qalığı 2022-ci ildə 4 milyard 197,9 milyon ABŞ dolları, 2023-cü ildə - 5 milyard 290,8 milyon ABŞ dolları, 2024-cü ildə - 5 milyard 705 milyon ABŞ dolları, 2025-ci ildə - 5 milyard 431,2 milyon ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.
2022-ci ildə neft-qaz sektoru üzrə profisit 11 milyard 332,4 milyon ABŞ dolları təşkil edildiyi halda, digər sektorlar üzrə xarici ticarətdə 7 milyard 134,5 milyon ABŞ dollarlıq kəsirin olacağı proqnozlaşdırılır. 2023-cü ildə müvafiq olaraq 12 milyard 603,2 milyon ABŞ dolları və 7 milyard 312,4 milyon ABŞ dolları, 2024-cü ildə - 13 milyard 110,8 milyon ABŞ dolları və 7 milyard 405,8 milyon ABŞ dolları, 2025-ci ildə isə 12 milyard 856,4 milyon ABŞ dolları və 7 milyard 425,2 milyon ABŞ dolları olacağı proqnozlaşdırılır.