Azərbaycanda qaz anbarlarının dolma səviyyəsi açıqlanıb

Energetika
  • 21 noyabr, 2022
  • 13:52
Azərbaycanda qaz anbarlarının dolma səviyyəsi açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarlarının ümumi dolma səviyyəsi 15 noyabr 2022-ci il tarixinə 93,9 %-dir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq SOCAR-dan məlumat verilib.

Bildirilib ki, bu ilin 15 noyabr tarixinə Azərbaycanda yeraltı qaz anbarlarında aktiv qazın həcmi 3 milyard 43 milyon 556 min kubmetr təşkil edir: “Bu ilin qazvurma mövsümü ərzində 15 noyabr tarixinə qədər yeraltı qaz anbarlarına 1 milyard 893 milyon 412 min kubmetr qaz vurulub: “Hazırda qazvurma davam edir. Mövsümün əvvəlinə qalıq qaz həcmləri 1 milyard 150 milyon 144 min kubmetr təşkil edib”.

Şirkətdən bildirilib ki, hazırda mövcud qaz anbarının tutumunun genişləndirilməsi planlaşdırılır.

Həmçinin SOCAR-dən vurğulanıb ki, yeraltı qaz anbarlarına qazın vurmanın davametmə müddəti istehlakdan asılı olaraq dəyişir.

Qeyd edək ki, "Qalmaz" yeraltı qaz anbarın 1976-cı ildən dövrü istismarına başlanılıb. Qaz anbarına vurulan qazın həcmi 2 dəfə artırılaraq sutkalıq 4 milyon kubmetrdən 8,5 milyon kubmetrə çatdırılıb. 2019-cu ildə istifadəyə verilən yeni 3 saylı Kompressor stansiyası isə "Qalmaz" qaz anbarının sutkalıq məhsuldarlığını 30 % və ya 13 milyon kubmetrədək artırıb və anbarın aktiv tutum həcmi 1 milyard kubmetrdən 1,5 milyard kubmetrə çatdırılıb. Anbara əlavə qaz həcmlərinin vurulması təbii qaza olan tələbatın kəskin artdığı qış aylarında tədarük edilmiş qaz həcmlərinin daha böyük həcmdə çıxarılması və istehlakçılara çatdırılması üçün şərait yaradır.

Bundan başqa, 1975-ci ildən “Qaradağ” yatağının cənub hissəsinin ehtiyatı tükəndiyi üçün burada istismar dayandırılıb və 1976-cı ildə onun bazasında yeraltı qaz anbarının yaradılması qərara alınıb. 1986-cı ildən isə yataq qaz anbarı kimi istifadə olunur. “Qaradağ” yeraltı qaz anbarı istismara verildikdən sonra 2 il qazvurma rejimində işləyib, sonralar vurulan qazın həcmi və təzyiqi artdıqdan sonra vurma-götürülmə rejiminə keçirilib.