Azərbaycanda ötən il qaz və istilik təchizatı üzrə 1 000-ə yaxın müraciət araşdırılıb
- 15 fevral, 2022
- 12:10
2021-ci ildə Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) bilavasitə istehlakçılardan, Energetika Nazirliyindən və digər qurumlardan daxil olmuş qaz təchizatı üzrə 905, istilik təchizatı üzrə isə 66 şikayəti mahiyyəti üzrə araşdırıb.
Bu barədə "Report"a Agentlikdən bildirilib.
Məlumata görə, həmin araşdırmalar nəticəsində aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulan tədbirlər görülüb.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şikayətlərin əksəriyyəti aşağıdakı pozuntularla bağlı olub:
Qaz təchizatı üzrə:
- qazın təzyiqinin normadan aşağı olması;
- qaz təchizatında fasilələrin yaranması;
- qazpaylayıcı tərəfindən tərtib olunmuş aktlara görə əsassız hesabatların aparılması;
- fərdi yaşayış evlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasında əsassız maneələrin yaradılması.
İstilik enerjisi təchizatı üzrə:
- mənzillərin mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilməməsi;
- istilik enerjisinin təchizatında fasilələrin yaranması;
- istilik enerjisinin təchizatında temperaturun normadan aşağı olması.