Azərbaycanda neft emalı bir ildə 19,6 % artıb
- 12 may, 2023
- 10:53
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neftin emalı 2,2 milyon ton təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 4 ay üzrə operativ məlumatlarında deyilir.
Neftin emalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 360 min ton və ya 19,6 % çoxdur.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.