Azərbaycanda külək enerjisinin istehsalı 55 % artıb

Energetika
  • 14 iyun, 2023
  • 13:40
Azərbaycanda külək enerjisinin istehsalı 55 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 26,2 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 55 % çoxdur.

Hesabat dövründə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 321,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. 2022-cü ilin yanvar-may ayları ilə müqayisədə bu sahədə 5,5 % artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 16,5 % artaraq 213 milyon manat təşkil edib.

Bu ilin 5 ayında Azərbaycanda 11 milyard 165,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 5,9 % çoxdur. Bunun 10 milyard 787 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 5,9 % çoxdur.

Bunun 10 milyard 078 milyon kVt/saatı istilik elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 7,2 % çoxdur.

Bunun 657,6 milyon kVt/saatı isə su elektrik stansiyalarının istehsalıdır ki, bu da 2022-ci ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə 12,2 % azdır.

Günəş enerjisi ilə işləyən stansiyaların istehsalı 25,2 milyon kVt/saat olub. Bu, 2022-ci ilin 5 ayı ilə müqayisədə 4,6 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti