Azərbaycanda istilik təsərrüfatının özəlləşdirilməsi təklif olunur
- 16 may, 2025
- 14:06
Azərbaycanda istilik təsərrüfatı özəlləşdirilmədən bu sahədə səviyyəli xidmətə nail olmaq çətindir, bunu beynəlxalq təcrübə də göstərir.
"Report" xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında - "İstilik təchizatı haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zaman bildirib.
Bundan başqa, o deyib ki, Azərbaycanda istiliyin verilməsi mövsümlə əlaqədar olaraq konkret günlə müəyyənləşdirilir: "Halbuki, istilik havanın temperaturundan asılı olaraq verilməlidir. Mənə ötən il çoxlu sayda insan müraciət edib ki, havalar soyuyub, amma istilik verilmir. Misal üçün, temperatur mənfi 18 dərəcəyə düşəndə istilik verilişinə başlanılsın. İstilik verilən evlərin çoxu sovet dövründə tikilən 9 mərtəbəli panel evlərdir. Havanın soyması ilə həmin evlər dərhal soyur. Bu zaman isə evdə olan kiçik yaşlı uşaqlar əziyyət çəkirlər, buna görə də insanlar elektrik qızdırıcılarından istifadə etməyə məcbur qalırlar. Bu zaman isə xətlərdə açılmalar baş verir. Elektrik kabelləri əriyir, sayğaclar bəzən sıradan çıxır. Hətta bununla əlaqədar "Azərişığ"ın rəhbəri ilə də əlaqə saxlamalı olmuşam”,-deyə o qeyd edib.
Deputat həm də sui istifadə hallarına yol verilməməsi üçün vətəndaşlarla imzalanan müqavilələrin nümunəvi formasının mütləq qanuna əlavə olunmasını təklif edib.