Azərbaycanda istehsal olunan sənaye məhsullarının 90 %-i Bakı hesabına təmin edilib
- 07 noyabr, 2023
- 13:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 45,2 milyard manat təşkil edib.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.
Bildirilir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,9 milyard manat və ya 19,4 % azdır.
Sənaye məhsulunun 79,7 %-i mədənçıxarma, 17,6 %-i emal, 2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 87 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,9 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,1 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin oktyabrın 1-nə 418,1 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 48,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,1 % azalaraq 50,2 milyard manat təşkil edib.