Azərbaycanda benzin və dizel yanacağının istehsalı artıb
- 17 aprel, 2023
- 11:04
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 1 milyard 070 milyon manat təşkil edib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,5 % artıb.
Hesabat dövründə 349,5 min ton həcmində avtomobil benzini, 556,5 min ton dizel yanacağı, 15,4 min ton sürtkü yağları, 39,6 min ton neft bitumu istehsal edilib.
Belə ki, I rüb ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 6,2 %, dizel yanacağının istehsalı 5,2 %, sürtkü yağlarının istehsalı 31,6 % artıb. Neft bitumunun istehsalı isə 44,9 % azalıb.
Həmçinin, 2023-cü ilin yanvar-mart ayları ərzində ölkədə 70,8 min ton maye qazlar, 136,5 min ton ağ neft, 3,1 min ton mazut, 64,1 min ton neft koksu istehsal edilib.
Son bir ildə Azərbaycanda maye qazların istehsalı 0,8 %, mazutun istehsalı 91 %, ağ neftin istehsalı 2,3 % azalıb, neft koksunun istehsalı 17,8 % artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
Neft emalı zavodunun modernizasiya və yenidənqurma layihəsinin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur. Layihəyə əsasən bu il "Avro-5" dizel yanacağı və benzin istehsalına başlanılacaq.