Azərbaycanda I rübdə qaz hasilatı 3 %-dən çox artıb

Energetika
  • 11 aprel, 2023
  • 12:25
Azərbaycanda I rübdə qaz hasilatı 3 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 12,2 milyard kubmetr həcmində təbii qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-mart ayları üzrə operativ məlumatlarında deyilir.

Bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,4 % və ya 356 milyon kubmetr çoxdur.

Bildirilir ki, qazın 3,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 6,7 milyard kubmetri “Şahdəniz”dən, 2,2 milyard kubmetri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.

AÇG-də qaz hasilatı ötən illə müqayisədə 0,2 milyard kubmetr və ya 6,06 % azdır. “Şahdəniz” yatağından qaz hasilatı illik müqayisədə 0,3 milyard kubmetr və ya 4,7 %, SOCAR üzrə isə qaz hasılatının həcmi 0,3 milyard kubmetr və ya 15,8 % artıb.

Qeyd edək ki, Türkiyəyə və Avropaya Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti