Azərbaycanda enerji istehsalı 1 %-ə yaxın artıb
- 15 sentyabr, 2023
- 10:52
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 19 milyard 245,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin 8 ay üzrə elektrik enerjisinə dair açıqladığı operativ məlumatlarda deyilir.
Məlumata əsasən, ölkədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 154,2 milyon kVt/saat, yəni 0,8 % artıq elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, bu ilin avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 921,8 milyon kVt/saat olub. Bu da 2022-ci ilin avqust ayının göstəricisi ilə müqayisədə 3 %-ə yaxın çoxdur.
Xatırladaq ki, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 19 milyard 115,7 milyon kVt/saat olub. Ötən ilin avqust ayında isə Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 837,7 milyon kVt/saat təşkil edib.