Azərbaycanda elektrik enerjisi mühəndislərinin sayı azalıb
- 11 oktyabr, 2021
- 11:37
Bu ilin III rübündə Azərbaycanda peşə biliklərinin yoxlanılması üçün Energetika Nazirliyi və nazirlik yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müraciət edən müəssisə və təşkilatların sayı II rüblə müqayisədə azalıb.
Bu barədə “Report”a nazirlikdən bildirilib.
Məlumatda deyilir ki, həmin rübdə Agentliyə müraciət edən müəssisələrin sayı 5% azalaraq 38 müəssisə təşkil edib.
Bu müraciətlər əsasında əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılan elektrik təsərrüfatına cavabdeh şəxs və təhlükəsizlik texnikası üzrə mühəndislərin sayı da 33,7% azalaraq 126 nəfər olub.
Bundan əlavə, III rübdə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Texniki Şuralara edilmiş müraciətlərin sayı II rüblə müqayisədə eyni qalaraq 732 müraciət təşkil edib.
Müraciətlərin hamısı müsbət həll edilib. Müraciətlərə Bakıda və regionlarda yerləşən 17 “ASAN xidmət" və “ASAN Kommunal” mərkəzlərində və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.
Təbii qaz təchizatı ilə bağlı 16-sı məlumat üçün olmaqla, cəmi 144 müraciət daxil olub. Bu, 2-ci rüb ilə müqayisədə 27 müraciət və ya 16% azdır.
İstilik təchizatı ilə bağlı cəmi 4 müraciət daxil olub. Bu, 2-ci rüb ilə müqayisədə 6 müraciət və ya 60% azdır.
Digər məsələlərlə bağlı 26-sı məlumat üçün olmaqla, cəmi 125 müraciət daxil olub. Bu, 2-ci rüb ilə müqayisədə 59 müraciət və ya 32% azdır.