Azərbaycanda dizel yanacağının istehsalı cüzi azalıb
- 17 mart, 2023
- 13:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 646,5 milyon manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrün göstəricisi ilə müqayisədə 6,4 % azdır.
Hesabat dövründə 216,8 min ton həcmində avtomobil benzini, 356 min ton dizel yanacağı, 12,2 min ton sürtkü yağları, 20,2 min ton neft bitumu istehsal edilib.
2022-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə avtomobil benzininin istehsalı 3,7 %, dizel yanacağının istehsalı 0,6 %, neft bitumunun istehsalı 47,1 % azalıb, sürtkü yağlarının istehsalı 50,6 % artıb.
Hesabat dövründə ölkədə həmçinin 45,7 min ton maye qazları, 85,7 min ton ağ neft, 3,1 min ton mazut, 41,4 min ton neft koksu istehsal edilib.
Son bir ildə Azərbaycanda maye qazların istehsalı 6,4 %, mazutun istehsalı 90,8 %, ağ neftin istehsalı 7,5 % azalıb, neft koksunun istehsalı 12,8 % artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu (NEZ) regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Ai-92", dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
Neft emalı zavodunun modernizasiya və yenidənqurma layihəsinin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur. Layihəyə əsasən 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır.