Azərbaycanda benzin istehsalı 31 % artıb
- 18 may, 2023
- 11:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 443,7 milyon manat təşkil edib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2022-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 18,1 % artıb.
Hesabat dövründə 471,7 min ton həcmində avtomobil benzini, 751,5 min ton dizel yanacağı, 21,1 min ton sürtkü yağları, 55,4 min ton neft bitumu istehsal edilib.
Belə ki, ötən 4 ay ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 31,1 %, dizel yanacağının istehsalı 26,1 %, sürtkü yağlarının istehsalı 46,5 %, artıb. Neft bitumunun istehsalı isə 43,2 % azalıb,
Həmçinin, 2023-cü ilin yanvar-aprel ayları ərzində ölkədə 91,7 min ton maye qazlar, 179,5 min ton ağ neft, 3,1 min ton mazut, 84,3 min ton neft koksu istehsal edilib.
Son bir ildə Azərbaycanda maye qazların istehsalı 24,1 %, ağ neftin istehsalı 7,3 % azalıb, neft koksunun istehsalı 45,8 %, artıb. Bu müddət ərzində ölkədə mazutun istehsalı 91,5 % azalıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.