Azərbaycanda 2022-2024-cü illər üçün hasilat proqnozları açıqlanıb
- 21 dekabr, 2021
- 08:10
2022-2024-cü illərdə ölkədə 34 milyon tondan çox neft hasilatı proqnozlaşdırılır.
“Report”un xəbərinə görə, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.
Nazir bildirib ki, qaz hasilatını isə qarşıdakı illərdə artım dinamikasını izləyərək 2024-cü ildə 50 milyard kubmetrə çatacağlı gözlənilir.
Hükumətin proqnozlarına görə, 2022-ci ildə Azərbaycanda 34 milyon 830,3 min ton xam neftin hasil ediləcəyi gözlənilir.
2023-cü ildə isə Azərbaycanda 35 milyon 752,7 min ton xam neftin hasil ediləcəyi proqnozlaşdırılır. Bu, 2022-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 2,65 % çoxdur. 2024-cü ildə ölkədə 35 milyon 672 min ton xam neftin hasilatı proqnozlaşdırılır ki, bu da 2023-cü ilin hasilat proqnozundan 0,22 % azdır.
Proqnozlara əsasən, 2025-ci ildə Azərbaycanda 34 milyon 707,6 min ton neftin hasil edilməsi nəzərdə tutulub ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 2,7 % azdır.
Qeyd edək ki, bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barrel olub. Bunun 588,9 min barelini xam neft, 119,5 min barelini isə kondensat təşkil edib.
OPEC+ ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barrel artırılaraq 647 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olması nəzərdə tutulurdu.
Nazirlərin 22-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barrel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə dekabrda gündəlik olaraq 7 min barel çox, yəni 654 min barel istehsalına imkan yaradır.