Azərbaycana yüksək oktanlı benzinin idxalı azalıb: həcmlər və tədarük bazarları
- 23 may, 2023
- 08:35
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycana yüksək oktanlı - "Aİ-95" və "Aİ-98" markalı benzinlərin idxalı 30 %-dən çox azalıb
Bu barədə “Report” neft-qaz sahəsi üzrə ixtisaslaşmış “Argus” agentliyinin hesabatına istinadən məlumat verib.
Bildirilib ki, ötən il Azərbaycana 100,3 min ton həcmində "Aİ-95" və 1,8 min ton həcmində "Aİ-98" markalı benzinlər idxal edilib. İllik müqayisədə "Aİ-95" benzini üzrə 48,1 min ton və ya 32,4 % azalma müşahidə olunub. "Aİ-98" benzinin idxalı isə i1,1 min ton və ya 37,9 % azalıb.
Xatırladaq ki, 2021-ci ildə ölkəyə idxal edilən "Aİ-95" markalı benzinin həcmi 148,3 min ton, "Aİ-98" markalı benzinin həcmi isə 2,9 min ton təşkil edib.
Hesabata əsasən, "Aİ-92" və "Aİ-95" markalı benzinlərin yanacaqdoldurma məntəqələrində olan qiymətlərində iki dəfə fərq olması fonunda yerli istehlakçılar daha ucuz olan "Aİ-92"yə üstünlük verirlər.
"Bu da yüksək oktanlı məhsula tələbi xeyli məhdudlaşdırıb”, - deyə bazar iştirakçısı bildirib.
Ölkəyə idxal edilən "Aİ-95" benzinin alışının üçdə ikisindən çoxu Rusiya zavodlarının payına düşüb. Bu həcmlərin 73,7 min tonu dəmir yolu ilə Azərbaycana göndərilib, qalan hissəsi isə Bolqarıstan, Rumıniya, Türkmənistan və Belarusdan olub. "Aİ-98" markalı benzinin partiyaları isə ölkəyə Rusiya və Rumıniyadan gətirilib.
Rumıniya və Bolqarıstandan Azərbaycana tədarüklər Gürcüstan ərazisindən tranzit olaraq dəmir yolu ilə həyata keçirilir. Ticarət şirkətləri keçən il Qara və Azov dənizlərinin şərq hissəsində naviqasiyanın təhlükəsiz olmaması səbəbindən Volqa-Don kanalı ilə dəniz yolu ilə yanacaq daşımaqdan imtina ediblər.