Azərbaycana idxal edilən “Aİ-95” benzinin dəyəri kəskin artıb
- 14 aprel, 2022
- 11:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu ilin yanvar-fevral aylarında xaricdən 12,446 milyon ABŞ dolları dəyərində 13 min 828 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 75,2 %, kəmiyyət olaraq – 15,9 % artıb.
Hesabat dövründə Rusiyadan 6,52 milyon ABŞ dolları dəyərində 7 min 167 ton, Rumıniyadan 5,93 milyon ABŞ dolları dəyərində 6 min 660 ton məhsul gətirilib.
2021-ci ilin analoji dövrü ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 3,6 % artıb və 32,7 % azalıb. Bir il öncə Rumıniyadan “Aİ-95” benzini idxal edilməyib.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Aİ-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.
NEZ-də artıq bu ildən "Avro-5" standartlarına uyğun dizel yanacağının istehsalına başlanılacaq. "Avro-5" dizel istehsalı üzrə işlərin 2022-ci ilin ortalarında başa çatdırılması və əsas qurğuların da həmin vaxt işə salınması planlaşdırılır. Növbəti bir il ərzində isə daha keyfiyyətli "Aİ-92" benzinin istehsalı və nəhayət "Avro-5" standartına cavab verən "Aİ-92" və "Aİ-95" benzinlərinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur. Hal-hazırda ölkədə "Aİ-95" markalı avtomobil benzini istehsal olunmur.