Azərbaycan Yunanıstana qaz satışını 15 % artırıb

Energetika
  • 23 oktyabr, 2023
  • 10:32
Azərbaycan Yunanıstana qaz satışını 15 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Yunanıstana 715 milyon 028,89 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Yunanıstana ixrac edilən təbii qazın dəyəri 723 milyon 622,59 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin 8 ayı ilə müqayisədə həcm baxımından 93 milyon 546,05 min kubmetr (15,05 %) çoxdur, məbləğ baxımından isə 54 milyon 473,02 min ABŞ dolları (6,5 %) azdır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 10 milyard 452 milyon 178,82 min ABŞ dolları dəyərində 17 milyard 391 milyon 448,11 min kubmetr həcmində təbii qaz ixrac edib.

Azərbaycanın ümumi ixracında təbii qazın payı 42,92 % olub.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 % artım ilə) təşkil edib. 2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək.