Azərbaycan yaxın 4 ildə neft koksunun istehsalını 243 min tona çatdıracaq

Energetika
  • 08 noyabr, 2021
  • 12:21
Azərbaycan yaxın 4 ildə neft koksunun istehsalını 243 min tona çatdıracaq

2022-ci ildə Azərbaycanda 239,7 min ton neft koksu istehsal edilməsi nəzərdə tutulur.

"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2023-cü ildə isə 241,3 min ton neft koksunun istehsal edilməsi proqnozlaşdırılır. Bu, 2022-ci ilin göstəriciləri ilə müqayisədə 0,7 % çoxdur.

2024-cü ildə isə 243,2 min ton neft koksunun istehsal edilməsi proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 0,8 % çoxdur.

2025-ci ildə də 243 min ton neft koksunun istehsal edilməsi proqnozlaşdırılır ki, bu 2024-cü ilin göstəricisi ilə müqayisədə 0,1 % azdır. 2022-ci ilin yekunlarının proqnozu ilə müqayisədə isə 2025-ci ildə ölkədə neft koksunun istehsalı proqnozu 1,4 % artacağı gözlənilir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.

Zavodda istehsal edilən məhsulun bir qismi ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin AVRO-5 standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır. Qrafikə əsasən NEZ-də "Avro-5" tələblərinə cavab verən dizel yanacağı istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı mərhələdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə “Avro-5” standartına çatdırılması planlaşdırılır. Moderinizasiya və yenidənqurma işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına da mühüm töhfə verəcək.