Yaşıl texnologiyaların və bərpa olunan enerjinin inkişafı kontekstində iqlim dəyişikliyinə, "yaşıl iqtisadiyyata" transferə həsr olunmuş bu gün onlayn konfrans keçirilib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, tədbir, Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzi Qazaxıstan Ekoloji Təşkilatlar Assosiasiyası ilə birgə təşkil edib.
Məlumata görə, konfransda Azərbaycan, Banqladeş, Hindistan, İraq, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tailand, Türkiyədən və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) üzv dövlətlərdən 95-dən çox ekspert iştirak edib.
Konfrans zamanı iştirakçılar problemlərin həllinə kollektiv yanaşmaların inkişafı, xüsusilə də CICA üzv dövlətlərində yaşıl texnologiyaların və bərpa olunan enerjinin tətbiqi, 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında (COP26) qəbul edilmiş qərarların yerinə yetirilməsi üçün CICA potensialı, iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə müzakirə edilib.
İştirakçılar yaşıl maliyyələşməni formalaşdırmaq və axını yaşıl texnologiyaların tətbiqinə yönəltmək üçün iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıblar.