Bu ilin yanvar ayında Azərbaycan Türkiyəyə 1,119 milyard kubmetr qaz ixrac edib.
“Report”un məlumatına görə, bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinin (EPDK) açıqladığı aylıq hesabatda deyilir.
Sənədə əsasən, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 18,4 % çoxdur.
Yanvarda Türkiyənin qaz idxalının 18,4 %-i Azərbaycanın payına düşüb. Bununla da ölkəmiz Türkiyənin qaz idxal etdiyi ölkələr arasında II yerdə qərarlaşıb. I yeri 2,675 milyard kubmetrlik göstərici ilə Rusiya, III yeri isə 0,666 milyard kubmetrlik göstərici ilə Əlcəzair tutub.
Qeyd edək ki, ilin I ayında Türkiyə "mavi yanacaq" idxalının illik müqayisədə 1,8 % artıraraq 6,094 milyard kubmetrə çatdırıb. Aylıq həcmin 4,508 milyard kubmetri boru kəmərləri ilə idxalın, 1,585 milyard kubmetri isə LNG idxalının payına düşüb. Bunlar isə illik müqayisədə 16,8 % çox və 25,5 % azdır.