Azərbaycan yanvarda neft hasilatını 7 %-dək azaldıb
- 13 fevral, 2023
- 09:58
Bu ilin yanvar ayı ərzində Azərbaycanda hasil edilən neftin 0,7 milyon tonu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar ayı üzrə operativ məlumatlarında deyilir.
Bildirilir ki, bu ilin yanvar ayı ərzində Azərbaycanda 2,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 0,2 milyon ton və ya 6,9 % azdır.
Bildirilir ki, respublika üzrə neft hasilatının 1,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. Bu da 2022-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə AÇG üzrə 0,2 milyon ton və ya 11,1 % azdır. “Şahdəniz” yatağı üzrə isə hasilat illik müqayisədə eyni qalıb.
Bu ilin yanvar ayı ərzində Azərbaycandan 2,1 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bu, ötən ilin ilk ayının gösdtəricisi isə müqayisədə 0,2 milyon ton az və ya 8,7 % azdır.
Bunun 2 milyon tona yaxını isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür ki, bu da illik müqayisədə 0,2 milyon ton və ya 9,1 % azdır.
İxraca nəql edilən həcmlərin 134 min tonu isə SOCAR-ın payına düşür ki, bu da illik müqayisədə 54,2 min ton və ya 67,9 % çoxdur.
Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %) "SGC Upstream" (6,7 %) şirkətləri iştirak edir.