Azərbaycan və Portuqaliya bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan və Portuqaliya bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilər Gələcəkdə biznes-forum və işgüzar görüşlərin keçirilməsi iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynaya bilər
Energetika
18 Sentyabr , 2015 13:37
Azərbaycan və Portuqaliya bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilər

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev Portuqaliyanın səfiri Corc Kabralın (Jorj Kabral) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın qlobal enerji məkanında mövqeyi və Avropanın enerji təhlükəsizliyini təmin edəcək layihə kimi Cənub Qaz Dəhlizinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə nümayəndə heyətini məlumatlandıran nazir bildirib ki, neftin qiymətinin düşməsi belə iri layihələrin icrasına təsir etməyib.

N.Əliyev bildirib ki, Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli olmaqla yanaşı, Türkiyə, Gürcüstan və bir sıra ölkələrin timsalında həm də investisiya ixracatçısı kimi mühüm layihələrə imza atır. O, Portuqaliya ilə də enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Bu məqsədlə Azərbaycan Energetika Nazirliyi və Portuqaliya Ətraf Mühit, Planlaşdırma və Enerji Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və Ticarət-İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın yaradılmasının vacibliyi qeyd olunub. 

Səfir C.Kabral isə qeyd edib ki, Portuqaliya hökumətinin məqsədi ölkənin enerji asılılığını qismən azaltmaq, bu sahədə səmərəliliyi artırmaq və enerji təhlükəsizliyini bərpa etməkdir. Portuqaliyanın əsasən günəş, külək, geotermal, su və biokütlə enerjisindən istifadə etdiyini deyən səfir bildirib ki, Azərbaycan və Portuqaliyanın iş adamları bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilərlər. 

Qeyd edilib ki, 2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanın Portuqaliya ilə ticarət dövriyyəsinin həcmi 176,5 mln. ABŞ dolları olub. Gələcəkdə biznes-forum və işgüzar görüşlərin keçirilməsi isə iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynaya bilər.

Son xəbərlər

Orphus sistemi