Bakı. 22 dekabr. REPORT.AZ/ Küveytin Elmi Tədqiqatlar İnstitutunun baş direktoru Naci Əl-Mutairi Azərbaycanın Küveytdəki səfiri Tural Rzayevlə elmi tədqiqatlar sahəsində ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə edib.
"Report" "KUNA"-ya istinadən xəbər verir ki, Əl-Mutairi görüşdə bildirib ki, onun rəhbərlik etdiyi institut 2015-2020-ci illər ərzində bir sıra ölkələrlə əlaqələri genişləndirmək niyyətindədir.
Tərəflər Küveyt və Azərbaycan institutları arasında iki ölkənin neft və qaz sahəsində çoxillik təcrübəni nəzərə alaraq bu sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Əl-Mutairi həmçinin qeyd edib ki, bərpa olunan enerji sahəsində əməkdaşlığa da maraqlıdır.
Öz növbəsində T.Rzayev ölkəsinin Küveytin ən məşhur institutlarından biri ilə əməkdaşlıq etmək imkanını əldə edəcəyindən məmnunluğunu bildirib.
Səfir həmçinin Azərbaycanın kənd təsərrüfatı, okeanoqrafiya, balıqçılıq sahəsindəki tədqiqatlarda təcrübəsini vurğulayıb. T.Rzayev də bərpa olunan enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Qeyd edək ki, T.Rzayevin Küveytin Elmi Tədqiqatlar İnstitutuna səfəri Azərbaycan və Küveyt institutları arasında gələcək əməkdaşlıq sahələrinin müəyyən olunması üçün qarşılıqlı anlaşma haqqında memorandumun imzalanmasına hazırlıq məqsədini daşıyır.