Energetika Nazirliyi tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Avstriyanın enerji tənzimləyici qurumu "E-Control" iki qurum arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi yönündə müzakirələr aparıb.
Bu barədə "Report"a Agentlikdən məlumat verilib.
Müzakirələr AERA-nın İdarə Heyətinin sədri Samir Axundovun "E-Control"un icraçı direktoru Volfqanq Urbançiç, eləcə də hər iki qurumun digər nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə baş tutub.
Görüşdə hər iki ölkənin enerji tənzimləyici qurumunun fəaliyyətinə yönəlik məlumatlar təqdim olunub və enerji tənzimləmə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Qeyd edək ki, elektrik enerjisi və təbii qaz sahələri üzrə tənzimləməni həyata keçirən "E-Control" 2001-ci ildə yaradılıb. Quruma Avstriyanın İqlim Dəyişikliyi, Ətraf Mühit, Enerji, Mobillik, İnnovasiya və Texnologiyalar üzrə Federal Nazirliyi (BMK) tərəfindən təyin edilmiş iki icraçı direktor rəhbərlik edir.