Yuxarı

Azərbaycan və Almaniya külək enerjisinin istehsalı məsələlərini müzakirə edib

Eko-parkda alman nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsi Yaşıllaşdırma Departamentinin eko-parkında “Külək enerjisi və şəbəkəyə inteqrasiya” sahəsini təmsil edən Almaniya nümayəndə heyəti ilə görüş keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyətinə Ekologiya İdarəsinin fəaliyyəti, Yaşıllaşdırma Departamentinin gördüyü işlər, parkda quraşdırılmış külək turbinləri və günəş panelləri, onların işləmə prinsipi barədə məlumat verilib.

Bildirilib ki, eko-park neftlə çirklənmiş ərazidə torpaqların rekultivasiyasından sonra salınıb. Almaniyalı mütəxəssislər Yaşıllaşdırma Departamentinin ərazisində yaradılmış qapalı şitilxana ilə tanış olub, onlara istixanada yetişdirilən bir sıra bitki növlərinin adının “Qırmızı kitab”a daxil olması barədə məlumat verilib. Park ərazisində yerləşən Eko-mərkəzdə alman nümayəndə heyəti Ekologiya İdarəsinin əməkdaşlarına öz fəaliyyətləri barədə ətraflı məlumat verərək Azərbaycanda və Almaniyada külək enerjisinin istehsalı və şəbəkəyə inteqrasiyası, habelə bu sahədə maliyyələşdirmə imkanları ilə bağlı müzakirələr aparıb, alternativ enerji mənbələri sahəsində mümkün layihələrin reallaşdırılmasında Ekologiya İdarəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi