Azərbaycan Uruqvaya neft satışını bərpa edib

Energetika
  • 16 avqust, 2024
  • 11:32
Azərbaycan Uruqvaya neft satışını bərpa edib

Azərbaycan 6 ilə yaxın fasilədən sonra Uruqvaya neft satışını bərpa edib.

“Report”un Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycan Uruqvaya 138 min 719,62 ton xam neft ixrac edilib. Bu miqdarda məhsulun dəyəri 85 milyon 099,83 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycan 5 il 9 aylıq fasilənin ardından Uruqvaya xam neft ixracını bərpa edib. Sonuncu dəfə 2018-ci ilin ikinci rübündə bu ölkəyə 81,1 milyon ABŞ dolları dəyərində 140 min 556 ton neft tədarük olunub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyon 696 min 092,26 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən 7 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 9 milyard 225 milyon 936,20 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.