Azərbaycan ümumi elektrik enerjisi istehsalı gücünü 0,3 % artırıb

Energetika
  • 20 oktyabr, 2021
  • 10:02
Azərbaycan ümumi elektrik enerjisi istehsalı gücünü 0,3 % artırıb

Hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7 538,4 MVt təşkil edir ki, bu da ötən illə müqayisədə 21,9 MVt və ya 0,3 % artım deməkdir.

“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, elektroenergetika sistemində ümumi gücü 6 237,7 MVt olan 18 istilik elektrik stansiyası, ümumi gücü 1 150,9 MVt olan 25 su elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 MVt gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 42 MVt olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 MVt olan 3 hibrid (günəş, külək və bioqaz) elektrik stansiyası fəaliyyət göstərir.

Nazir bildirib ki, su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 300,7 MVt-dır ki, bu da ümumi gücün, təxminən, 17,3 %-ni təşkil edir: “Respublikada generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 25 680,5 MVA olan 110-500 kV-luq 218 yarımstansiya istismardadır. Ötən il ölkəmizin elektrik enerjisinin istehsalı və ixracı ilə bağlı göstəricilərində azalmanı bu il artım dinamikası əvəz edib. Belə ki, 2020-ci ildə ölkədə elektrik enerjisinin istehsalı 25,8 mlrd kVt/st, ixracı 1,15 mlrd kVt/st, idxal isə 136,5 mln kVt/st təşkil edib. 2019-cu illə müqayisədə elektrik enerjisinin istehsalı 275,9 mln kVt/st, ixrac 340,2 mln kVt/st , idxal isə 0,4 mln kVt/st azalıb. Əksinə elektrik enerjisinin istehlakı ötən il 328 mln kVt/st artaraq, təxminən, 22 mlrd kVt/st olub”.

Son xəbərlər

Bütün Xəbər Lenti