Azərbaycan Türkmənistandan qaz idxalını 2 dəfədən çox artırıb

Energetika
  • 05 dekabr, 2023
  • 08:01
Azərbaycan Türkmənistandan qaz idxalını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkmənistandan 1 milyard 281 milyon 161,2 min kubmetr təbii qaz idxal edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Türkmənistandan Azərbaycana ixrac edilən təbii qazın dəyəri 182 milyon 801,16 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin ilk 9 ayı ilə müqayisədə həcm baxımından 667 milyon 008,2 min kubmetr və ya 2,09 dəfə, məbləğ baxımından isə illik müqayisədə 105 milyon 937,59 min ABŞ dolları və ya 2,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan ümumilikdə 326 milyon 571,79 min ABŞ dolları dəyərində 2 milyard 096 milyon 082,76 min kubmetr təbii qaz idxal edib. Bu da 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə məbləğ baxımından 247 milyon 199,75 min ABŞ dolları və ya 4,1 dəfə, həcm baxımından isə 1 milyard 415 milyon 838,54 min kubmetr və ya 3,08 dəfə çoxdur.

Qeyd edək ki, 2021-ci ilin noyabr ayında Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (svop) haqqında üçtərəfli saziş imzalanıb. Sazişə əsasən, Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük edəcək. 2022-ci ilin yanvar ayında gündəlik 5-6 milyon kubmetr həcm ilə qazın Azərbaycana nəqlinə başlanıb. Mart ayına qədər gündəlik qaz nəqlinin həcmi 7 milyon kubmetrədək artıb. 2022-ci ilin iyun ayında İran və Azərbaycan Türkmənistandan Azərbaycana İranın boru kəməri vasitəsilə illik qaz tədarükünü iki dəfə artırmağa dair razılığa gəlib.