Azərbaycan Türkmənistandan qaz idxalını 2,5 dəfə artırıb
- 23 oktyabr, 2023
- 07:13
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkmənistandan 1 milyard 215 milyon 579,8 min kubmetr təbii qaz idxal edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Türkmənistandan Azərbaycana ixrac edilən təbii qazın dəyəri 172 milyon 963,95 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin ilk 8 ayı ilə müqayisədə həcm baxımından 719 milyon 773,7 min kubmetr və ya 2,45 dəfə, məbləğ baxımından isə illik müqayisədə 112 milyon 669,05 min ABŞ dolları və ya 2,87 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan ümumilikdə 316 milyon 734,58 min ABŞ dolları dəyərində 2 milyard 030 milyon 501,36 min kubmetr təbii qaz idxal edib. Bu da 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə məbləğ baxımından 253 milyon 931,11 min ABŞ dolları və ya 5,04 dəfə, həcm baxımından isə 1 milyard 468 milyon 604,07 min kubmetr və ya 3,61 dəfə çoxdur.
Qeyd edək ki, 2021-ci ilin noyabr ayında Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (svop) haqqında üçtərəfli saziş imzalanıb. Sazişə əsasən, Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük edəcək. 2022-ci ilin yanvar ayında gündəlik 5-6 milyon kubmetr həcm ilə qazın Azərbaycana nəqlinə başlanıb. Mart ayına qədər gündəlik qaz nəqlinin həcmi 7 milyon kubmetrədək artıb. 2022-ci ilin iyun ayında İran və Azərbaycan Türkmənistandan Azərbaycana İranın boru kəməri vasitəsilə illik qaz tədarükünü iki dəfə artırmağa dair razılığa gəlib.