Azərbaycan Türkmənistandan neft idxalını 2 dəfədən çox artırıb
- 25 yanvar, 2024
- 10:30
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan Türkmənistandan 551 min 680,11 ton xam neft idxal edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Türkmənistandan Azərbaycana ixrac edilən neftin dəyəri 317 milyon 542,37 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin 11 ayı ilə müqayisədə həcm baxımından 307 min 145,18 ton və ya 2,26 dəfə, məbləğ baxımından isə illik müqayisədə 139 milyon 334,26 min ABŞ dolları və ya 78,2 % çoxdur.
Hesabat dövründə Azərbaycan ümumilikdə 994 milyon 035,12 min ABŞ dolları dəyərində 1 milyon 782 min 452,42 ton xam neft idxal edib. Bu da 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə məbləğ baxımından 683 milyon 941,78 min ABŞ dolları və ya 3,2 dəfə, həcm baxımından isə 1 milyon 348 min 455,9 ton və ya 4,1 dəfə çoxdur.
Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 27 milyon 695,4 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 27 milyon 597,8 min tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 % (əmtəəlik neftin həcmləri isə 7,5 %) azdır.