Azərbaycan Türkiyəyə təbii qaz satışından qazancını 50 % artırıb

Energetika
  • 25 oktyabr, 2023
  • 09:14
Azərbaycan Türkiyəyə təbii qaz satışından qazancını 50 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyəyə 7 milyard 200 milyon 630 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Azərbaycandan qardaş ölkəyə ixrac edilən təbii qazın dəyəri 2 milyard 616 milyon 995,9 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin 8 ayı ilə müqayisədə həcm baxımından 1 milyard 542 milyon 677,47 min kubmetr (27,3 %), məbləğ baxımından isə 869 milyon 383,56 min ABŞ dolları (49,7 %) çoxdur.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 10 milyard 452 milyon 178,82 min ABŞ dolları dəyərində 17 milyard 391 milyon 448,11 min kubmetr həcmində təbii qaz ixrac edib. Azərbaycanın ümumi ixracında təbii qazın payı 42,92 % olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 505 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 24 milyard 355 milyon ABŞ dolları ixracın, 11 milyard 151 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Qeyd edək ki, Azərbaycanın təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti