Azərbaycan Türkiyəyə qaz nəqlini 5 %-ə yaxın artırıb

Energetika
  • 28 iyun, 2024
  • 09:47
Azərbaycan Türkiyəyə qaz nəqlini 5 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 3 milyard 675,2 milyon kubmetr təbii qaz ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2023-cü ilin ilk 4 ayı ilə müqayisədə 4,6 % çoxdur.

Bu ilin aprel ayında Azərbaycan Türkiyəyə 1 milyard 770 min kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin eyni ayı ilə müqayisədə 12,02 % çoxdur.

Bununla Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkəlır sırasında birinci olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 41,78 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, ötən ilin aprel ayında Türkiyə Azərbaycandan 893,36 milyon kubmetr təbii qaz idxal edib.

Apreldə Türkiyə ümumilikdə 2 milyard 395,25 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 39,85 % azdır.

Apreldə Türkiyəyə qaz ixracına görə İran ikinci olub. İrandan Türkiyəyə 543,99 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin aprel ayı ilə müqayisədə 37,25 % azdır.

Üçüncü yerdə Rusiya qərarlaşıb. Bu ölkə Türkiyəyə 413,24 milyon kubmetr qaz nəql edib. Bu, bir il öncəki göstərici ilə müqayisədə 76,01 % azdır.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.