Azərbaycan Türkiyəyə qaz nəqlini 4 %-dən çox azaldıb

Energetika
  • 30 noyabr, 2022
  • 07:14
Azərbaycan Türkiyəyə qaz nəqlini 4 %-dən çox azaldıb

Bu ilin sentyabr ayında Azərbaycan Türkiyəyə 710,48 milyon kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 3,73 % azdır.

Bununla da sentyabr ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilkdə idxal etdiyi təbii qazın 20,89 %-i Azərbaycanın payına düşüb.

Bu ilin yanvar-sentyabr aylarında isə Türkiyə Azərbaycandan 6 milyard 409,65 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2021-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 4,4 % azdır.

Ümumilikdə isə bu ilin sentyabr ayında Türkiyə ümumilikdə 3 milyard 401,37 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2021-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 20,56 % azdır.

Sentyabrda Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. Həmin ay Rusiyadan Türkiyəyə 1 milyard 539,82 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 23,09 % azdır.

Sentyabrda ikinci yerdə İran qərarlaşıb. Bu ölkə sentyabrda Türkiyəyə 854,55 milyon kubmetr qaz nəql edib. Bu, 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 3,8 % azdır.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.