Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % azaldıb
- 30 dekabr, 2022
- 10:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin oktyabr ayında Azərbaycan Türkiyəyə 760,97 milyon kubmetr təbii qaz ixrac edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 0,13 % azdır.
Bununla da oktyabr ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilkdə idxal etdiyi təbii qazın 23,5 %-i Azərbaycanın payına düşüb.
Bu ilin yanvar-oktyabr aylarında isə Türkiyə Azərbaycandan 7 milyard 170,62 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2021-ci ilin 10 ayının göstəriciləri ilə müqayisədə 3,9 % azdır.
Ümumilikdə isə bu ilin oktyabr ayında Türkiyə ümumilikdə 3 milyard 238,19 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2021-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 30,47 % azdır.
Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. Həmin ay Rusiyadan Türkiyəyə 948,83 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 49,14 % azdır.
Üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə oktyabrda Türkiyəyə 671,3 milyon kubmetr qaz nəql edib. Bu, 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 69,9 % çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.