Azərbaycan Türkiyəyə qaz nəqlini 35 %-dən çox artırıb

Energetika
  • 28 iyul, 2023
  • 05:34
Azərbaycan Türkiyəyə qaz nəqlini 35 %-dən çox artırıb

Bu ilin may ayında Azərbaycan Türkiyəyə 923,23 milyon kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2022-ci ilin may ayı ilə müqayisədə 35,45 % çoxdur.

Bununla da may Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 25,00 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, ötən ilin may ayında Türkiyə Azərbaycandan 681,63 milyon kubmetr təbii qaz idxal edib.

Bu ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 4 milyard 436,98 milyon kubmetr təbii qaz ixrac edilib. Bu, 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 19,2 % çoxdur.

Ümumilikdə isə mayda Türkiyə ümumilikdə 3 milyard 692,27 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 1 % azdır.

Mayda Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. İlin 5-ci ayında Rusiyadan Türkiyəyə 1 milyard 023,64 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2022-ci ilin may ayı ilə müqayisədə 28,85 % azdır.

Mayda üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə mayda Türkiyəyə 885,01 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin may ayı ilə müqayisədə 2,66 % çoxdur.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.